Məktəbli forması almaq istəyən valideynlərin NƏZƏRİNƏ - Bir həftə ərzində...

Növbəti tədris
ilində şagirdlər yeni məktəbli geyimləri ilə oxuduqları təhsil müəssisələrinə
üz tutacaqlar. Qəbul olunmuş yeni qərara əsasən, 2023-2024-cü tədris ilindən etibarən
yalnız yeni məktəbli formalarından istifadə olunmağa başlanacaq. Məktəb formalarının
təsvirləri “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının
geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli Qərarı
ilə tənzimlənir. Bununla belə,
məktəbli formalarının seçilməsi müvafiq məktəbin Pedoqoji Şurasının qərarı ilə
müəyyən edilir. Elm və Təhsil Nazirliyindən Referans.az-ın sorğusuna cavab olaraq bildirikib ki, məktəbli formaları ilə bağlı qərar yalnız dövlət ümumi
təhsil müəssisələrinə şamil edilir. Özəl ümumi təhsil müəssisələri bu məsələni
öz nizamnamələrinə uyğun şəkildə tənzimləyirlər.
Bakıda yerləşən
ümumi təhsil müəssisələrindən aldığımız məlumata görə, bəzi məktəblər artıq formaların
təsvirinə qərar verib, bir hissəsi isə təxminən bir həftə ərzində yekun qərar
verəcəyini bildirir.
Keçən il tədris ilinin başlamasına yaxın tarixlərdə məktəb formalarının
satışı ilə məşğul olan müəssisələrdə izdiham müşahidə edildi. Bu il də belə bir
halın yaşanması istisna deyil. Məsələ ilə bağlı Bakı Tikiş Evi Referans.az-a
bildirib ki, məktəbli formalarının satışı ilboyu davam edir:
“Məktəblər özləri formaların necə olacağını qərarlaşdırıb
valideynlərə bildirirlər və valideynlər gəlib formanı alırlar. Bizim məktəblərlə
bu məsələ ilə bağlı əlaqəmiz yoxdur. Keçən il qərar gec verildiyinə görə biraz
çətinlik oldu. Amma indi heç də elə bir çətinlik yoxdur. Bütün ölçülərdə və rənglərdə
məktəb formaları bizdə mövcuddur. Şəhərin 10 nöqtəsində bizim mağazalarımız
var. Bəzi metrolara yaxın ərazilərdə, Maştağa, Mərdəkan, Sahil, Qaradağ və s.
bu kimi qəsəbələrdə ”.
Əlavə olaraq, Bakı Tikiş Evi valideynlərə övladları
üçün məktəbli formaları almağı son günlərə saxlamamağı tövsiyə edib.